QARABAĞDA İCRA OLUNAN AVTOMOBİL YOLU LAYİHƏLƏRİNİN YEKUNLAŞACAĞI TARİXLƏR AÇIQLANIB

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi cari ildə də davam etdirilir.

Agentlikdən bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.

Cari ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələrinə Bərdə-Ağdam (44,5 kilometr, 4 hərəkət zolaqlı), Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (32 kilometr, 2 hərəkət zolaqlı), Füzuli-Hadrut (12 kilometr, 4 hərəkət zolaqlı), Talış-Tapqaraqoyunlu-Qaşaltı (22 kilometr, 2 hərəkət zolaqlı), Qubadlı-Eyvazlı avtomobil yolları (28,5 kilometr, 2 hərəkət zolaqlı) daxildir.

Gələn il Əhmədbəyli-Füzuli-Şuşa (81,6 kilometr, 4-6 hərəkət zolaqlı), Xudafərin-Qubadlı-Laçın (70,4 kilometr, 4 hərəkət zolaqlı), Şükürbəyli-Cəbrayıl-Hadrut (39,7 kilometr, 4 hərəkət zolaqlı), Qubadlı-Mahmudlu-Yazıdüzü-Ermənistan sərhədi avtomobil yollarının (26,4 kilometr, 2 hərəkət zolaqlı), Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisinin (834,1 kilometr, 2 hərəkət zolaqlı) və Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsinin başa çatdırılması nəzərdə tutulur.

2024-2025-ci illərdə isə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (123,9 kilometr, 4-6 hərəkət zolaqlı), Ağdam-Füzuli (64,8 kilometr, 4 hərəkət zolaqlı), Toğana-Kəlbəcər-İstisu (81,6 kilometr, 2-4 hərəkət zolaqlı), Kəlbəcər-Laçın avtomobil yolları (76,3 kilometr, 2-4 hərəkət zolaqlı) layihələrinin başa çatdırılması proqnozlaşdırılır.