NİZAMİ GƏNCƏVİ BEYNƏLXALQ MƏRKƏZİ YUNANISTANDA KEÇİRİLƏCƏK VII DELFİ İQTİSADİ FORUMUNUN TƏRƏFDAŞI OLACAQ

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Yunanıstanın Delfi şəhərində keçiriləcək illik VII Delfi İqtisadi Forumuna tərəfdaşlıq edəcək

Mərkəzdən bildirilib ki, Yunanıstan Prezidentinin himayəsi ilə aprelin 6-9-da keçiriləcək “VII Delfi İqtisadi Forumu: Yeni Reallıqlar” müzakirələrinə dünyanın 36 ölkəsindən 760 nümayəndələr, o cümlədən Avropa ölkələrinin prezidentləri, Baş nazirlər, Aİ komissarları və nazirlər, eləcə də elm adamları, universitet professorları, sahibkarlar və bir çox başqaları daxil olmaqla, siyasət sahəsinin digər görkəmli nümayəndələr qatılacaqlar.

Forumda, həmçinin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Prezident Katerina Sakellaropulu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qonağı kimi Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Şefik Caferoviç də iştirak edəcək.

Dörd gün davam edəcək Forumun gündəliyinə pandemiyanın qlobal təsiri, habelə Ukrayna-Rusiya böhranının Avropa və dünyanın digər hissəsi üçün nəticələrinə dair panel müzakirələri daxildir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri – Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç və sabiq Baş naziri Zlatko Laqumdziya, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Ərəb Liqasının sabiq Baş Katibi Əmr Musa, İsrailin sabiq Xarici İşlər naziri Tzipi Livni, BMT-nın 73-cü Baş Assambleyasının Prezidenti Maria Fernanda Espinoza, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkelaşvili, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov iştirak edəcəklər.

Qeyd edək ki, bir müddət əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Delfi İqtisadi Forumu VIII Qlobal Bakı Forumu çərcivəsində strateji tərəfdaşlıq memorandumu imzalanıb.