MOLDOVA MƏTBUATI PREZİDENT İLHAM ƏLİYEVİN BRÜSSELƏ SƏFƏRİNİ GENİŞ İŞIQLANDIRIB

Moldovanın nüfuzlu KİV-i Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşünü və onun nəticələrini geniş işıqlandırıb.

Moldovanın “Tribuna”, “TV8” xəbər portalları və digər saytlarda yayımlanmış məqalələrdə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında görüşün nəticəsi olaraq bütün zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə tapşırığın verilməsinə dair razılığın əldə edilməsi vurğulanıb.

Bundan başqa Soçi bəyanatına müvafiq olaraq aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi, komissiyanın mandatına Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, sərhəd xətti boyu və onun yaxınlığında sabit təhlükəsiz vəziyyətin təmin edilməsi qeyd olunub.

Eyni zamanda, görüşün nəticələri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunan məsələlər də məqalədə yer alıb.