“MƏRMƏR SOYUĞU” FİLMİ BEYNƏLXALQ FESTİVALDA “ƏN YAXŞI SSENARİ” MÜKAFATINI QAZANIB

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” bədii filmi Rusiyanın Arxangelsk şəhərində keçirilən 7-ci Beynəlxalq “Arctic Open” Film Festivalında iştirak edib.

“Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, əsas müsabiqədə yarışan 11 filmdən biri olan “Mərmər soyuğu” festivalın “Ən yaxşı ssenari” mükafatına layiq görülüb.

Filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.

Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.

Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.