LEYLA ABDULLAYEVA: Aİ MİSSİYASI AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ARASINDA NORMALLAŞMA PROSESİNİ POZMAĞA YÖNƏLDİLMƏMƏLİDİR

“Avropa İttifaqının (Aİ) Ermənistana missiya göndərməsi bu ölkənin öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olmamalıdır.

Bu barədə bu gün Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, missiya sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq üçün istifadə edilməməlidir.

Xatırladaq ki, dünən Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanın göndərilməsi barədə razılıq verib.

Missiyanın ilkin mandatı iki illik nəzərdə tutulacaq, operativ qərargahı isə Ermənistanda yerləşəcək. Mülki əməliyyatlara Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlama və Davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat rəhbərlik edəcək. Yaxın gələcəkdə yerli səviyyədə əməliyyatlara nəzarət etmək üçün missiya rəhbəri təyin ediləcək.