KORONAVİRUSA QARŞI İMMUNİTETİN FORMALAŞDIĞI DÖVRDƏ DİGƏR XƏSTƏLİKLƏRƏ QARŞI PEYVƏND VURDURMAQ MƏSLƏHƏT DEYİL

Koronavirusa qarşı immunitetin formalaşdığı postvaksinal dövrdə digər xəstəliklər əleyhinə peyvənd vurdurmaq məsləhət deyil.

Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirib ki, koronavirusa qarşı immunitet ikinci doza vaksin vurdurduqdan təxminən 4 həftə sonra yaranır: “Ümumiyyətlə, COVID-19 əleyhinə I və II doza vaksinlərin vurulması arasındakı təxminən 1 aylıq müddətdə digər peyvəndlərin tətbiqi məsləhət görülmür. Ciddi ehtiyac yarandıqda isə digər vaksinlərin istifadəsi koronavirusa qarşı II doza peyvəndləmədən 2 həftə sonra mümkündür”.

Həkimin sözlərinə görə, qrip, pnevmokok, hepatit A, B və digər bütün infeksiyalara qarşı vaksinlər yalnız kəskin infeksion xəstəliklər olmadıqda vurula bilər: “Lakin vaksinlərin fərqli postvaksinal immunitet yaratma xüsusiyyətləri var. Yəni, immunitet yaratma gücü vaksinin növünə görə dəyişir. Bu səbəbdən, peyvəndin vurulacağı vaxtı onun növünə görə daha dəqiq təyin etmək olar. Həmçinin digər vaksinin viral yoxsa bakterial infeksiya əleyhinə olacağını da müəyyən etmək lazımdır”.

R.Bayramov bildirib ki, vərəm və su çiçəyi kimi xəstəliklərə qarşı tətbiq edilən canlı peyvəndlər isə yalnız bir dəfə doğum evində, körpənin 4-7-ci günündə vurulur: “Nazirlər Kabinetinin təsdiq etdiyi cədvələ əsasən, ölkəmizdə 18 yaşdan yuxarı şəxslər üçün planlı olaraq peyvəndləmə aparılmır. Hazırkı qaydalara əsasən, koronavirus əleyhinə vaksinlər də yalnız 18 yaşdan yuxarı şəxslərə vurulur”.