İŞĞALDAN AZAD OLUNAN ƏRAZİLƏRDƏ İŞƏGÖTÜRƏNLƏRİN KADR EHTİYACLARININ QARŞILANMASI ÜZRƏ GÖRÜLƏCƏK BİRGƏ İŞLƏR MÜZAKİRƏ OLUNUB

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialı tərəfindən “İşəgötürənlərin kadr ehtiyaclarının qarşılanması istiqamətləri” mövzusunda dəyirmi masa təşkil edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonu üzrə fəaliyyət göstərən işəgötürənlər və digər qurumların nümayəndələri iştirak edib.

İlk olaraq iştirakçılara agentliyin fəaliyyəti ilə bağlı məlumat verilib. İşğaldan azad olunan ərazilərimizdə fəaliyyət göstərən işəgötürənlərin kadr ehtiyaclarının qarşılanması istiqamətləri, peşə hazırlığının təşkilinin əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərdə hazırda icra olunan digər məşğulluq tədbirləri diqqətə çatdırılıb və həmin mövzularda müzakirələr aparılıb.

Həmin ərazilərə köçürülən vətəndaşların dayanıqlı məşğulluğunun təmin olunmasında işəgötürənlərin rolundan bəhs olunub. İşğaldan azad olunan ərazilərdə işəgötürənlərin kadr ehtiyaclarının qarşılanması üzrə görüləcək birgə işlər müzakirə edilib.