
Mayın 4-də Heydər Əliyev Mərkəzində “Caz günü” adlı konsert təşkil edilib.
Mərkəzin Auditorium zalının səhnəsinə əvvəlcə trio – tanınmış pianoçu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev (piano), Ruslan Hüseynov (bas gitara) və Elvin Bəşirov (zərb aləti) çıxıblar.
Konsertin davamında trionun müşayiəti ilə Xalq artistləri Ənvər Sadıqov (qarmon),Tünzalə Ağayeva (vokal), Əməkdar artistlər Ceyla Seyidova (skripka), Sevda Ələkbərzadə (vokal), həmçinin Elnur Mikayılovun (kamança) ifasında caz kompozisiyaları təqdim olunub.
Məşhur pianoçu və bəstəkar Ruslan Ağababayev müsahibəsində yenidən öz doğma ölkəsində olmasından məmnunluğunu bildirib. O deyib: “Çox fərqli və rəngarəng proqramla çıxış etdik. Bu gün bizimlə burada eyni səhnədə tanınmış ifaçılar yer aldı. Doğma Azərbaycanda mənim çox konsertim olub, keçən il Beynəlxalq Muğam Mərkəzində də konsert vermişəm. Bu isə Heydər Əliyev Mərkəzində sayca ikinci konsertimdir. Bu möhtəşəm səhnədə ilk konsertim 2019-cu ildə olmuşdu”.
Qeyd edək ki, dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir. Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi ötən əsrin 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdır.
Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtuoz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir. Böyük təməllər üzərində qurulmuş Azərbaycan cazı indi gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq Montre Caz Festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. Həmçinin Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.