GÜRCÜSTANIN DÖVLƏT VƏ HÖKUMƏT RƏSMİLƏRİ AZƏRBAYCANLILARI NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİK EDİBLƏR

Gürcüstanın dövlət və hökumət rəhbərləri ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik ediblər.

Gürcüstanın Prezidenti, Baş naziri və parlamentin sədri Novruz bayramı ilə əlaqədar soydaşlarımıza təbrik məktubları ünvanlayıblar.

Prezident Salome Zurabişvilinin təbrik məktubunda deyilir ki, bahar bayramı olan Novruz təbiətin oyanışı, yeni enerji anlamını daşıyır və yeni başlanğıcın, daha yaxşı gələcəyə ümidin simvoludur.

Novruz bayramını qeyd edən bütün vətəndaşları da təbrik edən prezident hər bir şəxsə əmin-amanlıq, cansağlığı və xoşbəxt gələcək arzulayıb.

Baş nazir İrakli Qaribaşvilinin Novruz bayramı ilə əlaqədar feysbuk səhifəsində yazdığı təbrik məktubunda deyilir: “Novruz bayramı yeni il və yeni həyatın başlanğıcının simvoludur. Azərbaycanlı vətəndaşları gözəl bahar bayramı münasibətilə təbrik edirəm. Onların hər birinə əmin-amanlıq, xoşbəxtlik, tərəqqi və firavanlıq arzulayıram”.

“Novruz bayramının Gürcüstanda qeyd olunması çoxəsrlik tarixə malikdir. Bu, Gürcüstan mədəniyyəti və ənənələrinin müxtəlifliyinin bariz nümunəsidir” – deyə, hökumət başçısı vurğulayıb.

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze də ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.

“Parlamentin adından azərbaycanlı vətəndaşlarımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Bizi bir vətən və çoxəsrlik birgəyaşayış tarixi birləşdirir. Bahar, ümid və yenilənmə bayramınız mübarək!”, – deyə təbrikdə bildirilir.

Təbrik məktublarında deyilir: “Pandemiya səbəbindən, təəssüflər olsun ki, bu il də bu qədim bayramı birgə qeyd etmək imkanı olmadı. Amma birgə səylərimiz nəticəsində pandemiyanı məğlub edəcəyik və gələcəkdə gözəl Novruz bayramının ənənəvi keçirilməsi Gürcüstan baharının daim yaraşığı olacaq”.