FLORENSİYADA BAŞ VERƏN ZƏLZƏLƏ BİR SIRA DAĞINTILARA SƏBƏB OLUB

İtaliyanın Florensiya şəhərində baş verən 4,8 bal gücündə zəlzələ nəticəsində kiçikmiqyaslı dağıntılar qeydə alınıb.

Yeraltı təkan əhali arasında təşvişə səbəb olub, yüzlərlə insan küçələrə axışıb.

Saat 05:10-da baş verən zəlzələ Emiliya-Romaniya regionunda və Marke şəhərində də hiss olunub. Marradi, Borqo San Lorenzo və Firenzuolada ibtidai və orta məktəblər bağlanıb. İki dəmir yolu xəttinə ziyan dəyib, sürətli qatarların istiqaməti dəyişdirilib. Sıxlığın müşahidə olunduğu Florensiya-Bolonya avtomobil yolunda hərəkətin artıq normal vəziyyətə gətirildiyi bildirilib.

Tredozio şəhərində çoxlu sayda infrastruktur obyektinə, o cümlədən bələdiyyə binasına ziyan dəyib. Qocalar evində sakinlərin bir hissəsi təxliyə edilir.

Rəsmilər əmlaka və vətəndaşlara ciddi ziyan dəymədiyini açıqlayıblar. Mülki müdafiə qüvvələri binalarda yoxlamaları davam etdirir.

İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) zəlzələnin episentrinin Marradi bələdiyyəsindən 3 kilometr cənub-qərbdə, Muqelloda olduğunu açıqlayıb. Zəlzələdən sonra təxminən 35 dəqiqə ərzində 8 afterşok qeydə alınıb və bunlardan ən güclüsü 2,8 bal gücündə olub.