DÖVLƏT DEPARTAMENTİ: ABŞ ERMƏNİSTAN VƏ AZƏRBAYCAN ARASINDA SÜLH DANIŞIQLARININ TƏRƏFDARIDIR

ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının tərəfdarıdır.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı deyib.

“Biz tərəfdaşların, o cümlədən Avropa İttifaqının (Aİ) regionda inamın möhkəmlənməsi və Ermənistanla Azərbaycan arasında birbaşa dialoq üçün əlverişli şəraitin təmin edilməsi üzrə səylərini təqdir edirik. Biz istər birbaşa tərəfdaşlarımızla, istərsə də regiondakı tərəfdaşlarla sıx əməkdaşlığa davam edirik”, – o deyib.

V.Patelin sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken bu məsələyə xüsusi diqqət yetirir.

Qeyd edək ki, 2022-ci il oktyabrın 17-də Aİ-nin Xarici İşlər Nazirləri Şurası öz iclasında Cənubi Qafqazda vəziyyətin monitorinqi, təhlili və hesabat verilməsi üçün 40-a yaxın müşahidəçisini Ermənistanın Azərbaycanla sərhədinə göndərməyə qərar verib. Missiyanın ilkin mandatının iki il davam edəcəyi nəzərdə tutulub, operativ qərargahı isə Ermənistanda yerləşəcək.