BU GÜN AZƏRBAYCANDA YENİ TƏDRİS ILİ BAŞLAYIR

Bu gün Azərbaycanda 2020-2021-ci tədris ilinin ilk dərs günüdür.

Ötən tədris illərindən fərqli olaraq, koronavirus pandemiyası ilə əlaqədar bu il məktəblərdə tədris hibrid dərs üsulu ilə aparılacaq.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə təşkil olunacaq.

Ümumi təhsil müəssisələrində dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlayır.

2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1574206 şagirdin təhsil alacağı gözlənilir.

Trend-in məlumatına görə, şagirdlərin ümumi sayından 733279 nəfəri qız, 840927 nəfəri isə oğlandır. Ümumtəhsil məktəblərinin I sinfində 165511, IX sinfində 132734, XI-XII-ci sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.