
Bakıya səfəri çərçivəsində Bolqarıstanın Baş naziri Kiril Petkov ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov və baş katibin müavini İlahə İbrahimli arasında görüş keçirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib ki, görüşdə Kiril Petkova Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə iyunun 16-18-də “Qlobal Dünya Nizamına Təhdidlər” mövzusunda keçirilmiş IX Qlobal Bakı Forumunun nəticələri, Mərkəzin regional və qlobal miqyasda reallaşdırdığı tədbirlər, həmçinin Qərbi Balkan ölkələrində, Orta Şərqdə, Çində və BMT-nin Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçirilən layihələr haqqında məlumat verilib.
Söhbət zamanı gələcəkdə Bolqarıstanda Azərbaycanın Qərbi Avropanın enerji təhlükəsizliyinə töhfəsi mövzusunda ali səviyyəli toplantının və digər müştərək layihələrin reallaşdırılmasının nəzərdə tutulduğu vurğulanıb.
Görüşün sonunda Baş nazirə Mərkəzin həmsədrləri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanın “Nizami Gəncəvinin yeddi gözəli və ədəbiyyatda digər esselər”, Dünya Bankının sabiq vitse-prezidenti İsmayıl Seragəldinin “Nizami Gəncəvi: Şair və Müdrik” və Mərkəzin üzvü Qordon Braunun “Dünyanı dəyişməyin yeddi yolu” kitabları və Azərbaycanın milli motivlərini əks etdirən ipək xalça təqdim olunub.
Qeyd edək ki, Afinada keçirilən 23-cü ali səviyyəli toplantı zamanı Nizami Gəncəvinin 880 illiyinə həsr olunan “Qələmin Sehri” kitabının xüsusi nəşrinin təqdimatı olub.