Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə nazirliyin Mülki müdafiə qoşunlarında növbəti kurs təşkil olunub.
FHN-in mətbuat xidmətindən verilən məlumata görə, “Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda keçirilən kursda nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Türk Qızıl Ay Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər beynəlxalq humanitar əməliyyatlar zamanı beynəlxalq norma və qaydalar, fəaliyyətin əsas prinsipləri, etik və həssas məsələləri əhatə edən hüquqi sənədlərin tələblərindən və beynəlxalq təcrübədən danışıblar. Vurğulanıb ki, dəstə üzvləri həm xarici ölkələrdə, həm də ölkəmizdə keçirilən bir sıra təlim və kurslarda əldə etdikləri bilik və təcrübələrini daim inkişaf etdirməlidirlər.
Sonda kursu bitirən dəstə üzvlərinə müvafiq sertifikatlar təqdim olunub.