
“Azəristliktəchizat” ASC-nin istilik təsərrüfatlarında 2023-2024-cü il payız-qış mövsümünə hazırlıq işləri intensiv olaraq davam etdirilir.
ASC-dən bildirilib ki, Şuşa şəhərində “Azəristliktəchizat”a məxsus gücü 8110 kVt/saat olan 7 qazanxana tam hazır vəziyyətə gətirilib.
Bütün qazanxana və istilik şəbəkəsi avadanlıqları, istilik xətləri, nəzarət ölçü cihazları və avtomatika, həmçinin elektrik avadanlıqları və istilik mübadilə aparatları kompleks yoxlanılıb, zəruri təmir bərpa işləri görülərək son sınaq sazlama işləri aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli 303 nömrəli qərarı ilə təsdiq edilmiş “İstilik enerjisindən istifadə qaydaları”na əsasən respublikanın dağ rayonlarında istilik mövsümünün noyabrın 1-dən, digər ərazilərdə isə noyabrın 15-dən başlanması nəzərdə tutulub. Şuşa şəhəri dağ rayonları siyahısına daxil olduğundan burada da istilik mövsümünün noyabrın 1-dən başlanması və mövsüm ərzində ümumilikdə 20-dək inzibati və sosial təyinatlı binanın istilik və isti su ilə təmin edilməsi nəzərdə tutulur.