AZƏRBAYCAN MONREALDA KEÇİRİLƏN MULTİKULTURAL FESTİVALDA TƏMSİL OLUNUB

Kanadanın Monreal şəhərində yerləşən Con Abot (John Abbott) Kollecində keçirilən və 40-a yaxın ölkənin iştirak etdiyi multikultural festivalda Azərbaycan da təmsil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, həmin kollecdə təhsil alan, Monreal-Kanada Azərbaycan Cəmiyyətinin fəal üzvlərindən olan azərbaycanlı tələbələr Şahanə və Fidan Abdullazadələr festivalda Azərbaycana aid guşə yaradıblar.

Guşədə Azərbaycanın tarixi abidələrini əks etdirən suvenirlərlə yanaşı, milli-mədəni irsimizə aid nümunələr, o cümlədən milli kulinariyamıza xas yemək və şirniyyatlar tədbir iştirakçılarına təqdim olunub. Soydaşlarımızın bu təşkilatçılığı kollecin rəhbərliyi, müəllim və tələbə heyəti tərəfindən böyük maraqla qarşılanıb və yüksək qiymətləndirib. Şahanə və Fidan Abdullazadələr festival iştirakçılarına Azərbaycanın tarixi, coğrafiyası, Xarıbülbül simvolunun mənası haqqında ətraflı məlumat verib, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından bir səhnəni nümayiş etdiriblər.

Qeyd edək ki, Monreal-Kanada Azərbaycan Cəmiyyətinin fəal üzvlərindən olan Şahanə və Fidan Abdullazadə bacıları vətənpərvər soydaşlarımızdandırlar və Monrealda keçirilən müxtəlif tədbirlərdə, festivallarda ölkəmizin tanıdılmasında və təbliğində ailəliklə fəal iştirak edirlər.