AYXAN HACIZADƏ: AZƏRBAYCAN HÖKUMƏTİ TEZLİKLƏ TEHRAN SƏFİRLİYİNİ TƏXLİYYƏ ETMƏYİ PLANLAŞDIRIR

Biz bu mənfur hücumu ən sərt şəkildə qınayırıq. Biz İran hökumətindən təcavüzkarın və təhrikçinin müəyyən edilməsi üçün lazımi addımların atılmasını tələb edirik.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib.

“Hər bir dövlət öz ölkəsindəki səfirliklərin təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyır. Azərbaycan hökuməti tezliklə Tehran səfirliyini boşaltmağı planlaşdırır”, – deyə o əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.