“ƏL CƏZİRƏ”: AZƏRBAYCAN ERMƏNİSTANDAN QANUNSUZ HƏRBİ BİRLƏŞMƏLƏRİ QARABAĞDAN ÇIXARMAĞI TƏLƏB EDİR

Qətərin nüfuzlu “Əl Cəzirə” telekanalının efirində Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyi barədə reportajlar yayımlanıb.

Sentyabrın 18-də efirə gedən reportajda Azərbaycanın Ermənistandan Qarabağdakı qanunsuz hərbi birləşmələri dərhal çıxarmasını tələb etdiyi vurğulanıb. Telekanalın aparıcısı qeyd edib ki, rəsmi Bakı Ermənistan silahlı qüvvələrinin hərbçilərindən ibarət olan bu hərbi birləşmələrin sülh prosesinə, tərəflər arasında etimad mühitinin yaranmasına zərər verdiyini qeyd edib. Eyni zamanda, bu yaxınlarda Xankəndində separatçıların keçirdiyi qondarma “prezident seçkiləri” də gərginliyi artıran amillərdən biridir.

Həmin gün telekanalın efirində yayımlanan digər reportajda Azərbaycanın Qarabağdakı erməniəsilli əhalinin vəziyyəti ilə bağlı konstruktiv addımlar atması, Ağdam və Laçın marşrutlarının paralel olaraq açılması və BQXK-nin humanitar yardımının Xankəndinə çatdırılması barədə süjetlər yayımlanıb. Bu hadisələri şərh edən telekanalın aparıcısı qeyd edib ki, Azərbaycan tərəfi Xankəndində olan öz vətəndaşlarına mərkəzi hakimiyyət orqanları ilə danışıqlar çərçivəsində, habelə Azərbaycan Konstitusiyasında təsbit olunmuş hüquq, azadlıqlar və vəzifələrə uyğun olaraq reinteqrasiya təklif edir. Təəssüf ki, bəzi separatçılar bu prosesə əngəl törətməyə cəhd edir. Qarabağ ərazisi də daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Paşinyan hökuməti isə müxtəlif bəhanələrlə sülh prosesini yubadır, Xankəndində yerləşən qanunsuz hərbi birləşmələri dəstəkləməkdə davam edir.