XÜSUSİ KARANTİN REJİMİ YUMŞALDILIR – TAM SİYAHI

Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün keçirilən brifinqində xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra qərarlarını açıqladı.

Növbəti həftədən yumşaldılma tədbirinin görülməsinə qərar verilib.

Bunlar aşağıdakılardır:

– 31 maydan etibarən açıq havada maskasız gəzməyə icazə verilir;

– 31 maydan metro açılır, lakin metrostansiya və qatarlarda tibbi maskadan istifadə zəruridir;

– 31 maydan bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir;

– 10 iyundan məscidlər açılır;

– 10 iyundan iri ticarət mərkəzləri açılır;

– 10 iyundan çimərliklər açılır, ötən ilki qaydalarla tənzimlənəcək;

– 10 iyundan idman zallarının fəaliyyəti bərpa edilir, lakin “COVID-19” pasportu olan, yəni vaksinasiyadan keçmiş şəxslər üçün.

– Azərbaycanda “COVID-19” pasportu tətbiq olunacaq.

İki doza vaksin vurulanlara sertifikat veriləcək. İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara təqdim olunacaq. Hər iki sertifikat “COVID-19” pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də “COVID-19” pasportu tətbiq olunacaq.