Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesi sentyabrın 22-də başlanacaq. Mövzunun aktuallığını nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) tərəfindən 06-10 sentyabr tarixlərində sorğu keçirilib.
Sorğuda iştirak edən 704 respondentin 54%-ni qadınlar, 46%-ni kişilər təşkil edib.
Yeni tədris ilində dərslərin keçirilmə forması ilə bağlı sualın cavablarından məlum olub ki, respondentlərin 30%-i dərslərin distant, 53%-i əyani, 13%-i qarışıq (həm distant, həm ənənəvi) qaydada aparılmasını istəyir. Cavab verənlərin 4%-i üçün isə tədrisin hansı formada keçiriləcəyinin fərqi yoxdur.
İştirakçıların 44%-i dərslərin ötən ilki kimi həm distant, həm ənənəvi qaydada keçiriləcəyini, 36%-i ənənəvi təhsilin tam bərpa olunacağını, 19%-i isə distant qaydada aparılacağını düşünür.
“Təhsil müəssisələrində koronavirus əleyhinə hansı tədbirlərin görülməsini məqsədəuyğun hesab edirsiniz?” sualına verilən cavablar aşağıdakı kimi olub:
18 yaşdan yuxarı tələbə və müəllimlərdən “COVID-19” pasportu tələb edilməlidir 58%;
Şagird, tələbə və müəllimlər maska taxmalıdır 43%;
Təhsil müəssisəsi mütəmadi olaraq dezinfeksiya olunmalıdır 69%;
Siniflər dezinfeksiyaedici vasitələrlə təmin olunmalıdır 58%;
Şagirdlər arasında ara məsafə saxlanılmalıdır 39%;
Müəssisəyə daxil olanların hərarəti ölçülməlidir 46%;
Məktəblərdə tənəffüs müddəti siniflər üçün fərqli saatlarda təşkil olunmalıdır 30%.
Respondentlərin 8%-i yeni tədris ili üçün alış-verişə 100AZN-ə qədər, 28%-i 100-200AZN, 31%-i 200-300, 22%-i 300-500AZN, 12%-i isə 500AZN-dən çox vəsait lazım olduğunu bildirib.