YAŞADIĞINIZ ƏRAZİDƏ MƏİŞƏT TULLANTILARININ YIĞILMASI VƏ DAŞINMASI VAXTINDA İCRA EDİLİR?

MTM (Media Təhlil Mərkəzi) məişət tullantılarının yığılması və daşınması ilə bağlı vətəndaşların fikirlərini öyrənmək məqsədilə 6-10 yanvar tarixlərində növbəti sorğu keçirib. Sorğuda iştirak edən 531 respondentin 43%-ni qadınlar, 57%-ni kişilər təşkil edib.

Respondentlərin 11%-i yaşadığı ərazinin ekoloji vəziyyətini müsbət, 33%-i mənfi qiymətləndirib. Yaşayış yerindəki ekoloji vəziyyətin orta səviyyədə olduğunu bildirənlər sorğu iştirakçılarının 56%-ni təşkil edib.

İştirakçıların 15%-i yaşadığı kənd və ya şəhərdə son 3 il ərzində ekoloji vəziyyətin müsbətə doğru dəyişdiyini bildirsə də, 43%-i dəyişikliklərin mənfi istiqamətə getdiyini qeyd edib. Cavab verənlərin 32%-i dəyişiklik olmadığını, 10%-i isə cavab verməkdə çətinlik çəkdiyini vurğulayıb.

Bir neçə variant seçmək imkanına malik olan respondentlər ekologiyaya və ətraf mühitə ən çox mənfi təsir edən amillərlə bağlı suala aşağıdakı kimi cavab verib.

Məişət tullantıları – 72%;

Nəqliyyat vasitələrinin ixrac etdiyi zəhərli qazlar – 54%;

Ağacların kəsilməsi – 60%;

Sənaye müəssisələrinin fəaliyyəti – 35%;

Meşələrin, su hövzələrinin, sahilyanı ərazilərin çirkləndirilməsi – 56%;

Digər – 13%.

Verilən cavablar əsasında ölkədə ekoloji vəziyyətin yaxşılaşmasına mane olan amilləri də müəyyənləşdirmək mümkün olub. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin 80%-i ekoloji vəziyyətin yaxşılaşmasında vətəndaşları əsas əngəl hesab edib. Cavab verənlərin 73%-i ətraf mühitin vəziyyətinə kifayət qədər nəzarət olunmadığını, 43%-i tullantıların toplanması və təkrar emalı sisteminin köhnə olduğunu bildirib. İştirakçıların 15%-nin fikrincə, ekoloji vəziyyətin yaxşılaşmasına mane olan səbəb iqlim dəyişikliyidir. Digər amilləri qeyd edənlər isə respondentlərin 11%-ni təşkil edib.

Sorğuda iştirak edənlərin 27%-i yaşadığı ərazidə məişət tullantılarının yığılması və daşınmasının vaxtında icra edildiyini bildirsə də, 44%-i hərdən gecikmələrin olduğunu, 29%-i isə daşınmaların vaxtında icra edilmədiyini vurğulayıb.