Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana 64954 avtomobil idxal olunub ki, bu da ötən dövrlə müqayisədə 40,5% çoxdur. Bunu nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) vətəndaşların avtomobillərə olan marağını öyrənmək məqsədilə 26-30 oktyabr tarixlərində sorğu keçirib.
Sorğuda iştirak edən 500 respondentin 37%-ni qadınlar, 63%-ni kişilər təşkil edib.
3 variant seçmək imkanına malik olan respondentlər “Avtomobil alarkən nəyə üstünlük verirsiniz?” sualına aşağıdakı kimi cavab veriblər:
Qiymətə – 48%;
Yanacaq sərfiyyatına – 41%;
İstehsal ilinə – 35%;
Xarici görünüşünə (rəng və s.) – 25%;
Komfortlu olmasına – 25%;
Texniki təchizatına – 23%;
Təhlükəsizlik baxımından etibarlılığına – 21%;
Mühərrikin gücünə – 21%;
Hansı ölkədə istehsal olunmasına – 15%;
Marka/modelin prestijli olmasına – 15%;
Usta məsləhətinə – 13%;
Sərnişin oturacaqlarının sayına – 3%;
Avtomobilim yoxdur – 33%.
Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 30%-i avtomobilini satış üzrə vasitəçilərin köməyi ilə əldə edib. Cavab verənlərin 10%-i markanın ölkəmizdəki rəsmi təmsilçisindən aldığını, 7%-i xarici ölkədən gətirdiyini, 53%-i avtomobilinin olmadığını qeyd edib.
Sorğu iştirakçılarının 26%-i avtomobili öz vəsaiti hesabına, 17%-i kredit, 3%-i lizinq yolu ilə aldığını söyləyib. Cavab verənlərin 54%-i “Avtomobilim yoxdur” variantını seçib.
Respondentlərin 25%-i hesab edir ki, avtomobil 150-200 min km yürüş məsafəsindən sonra yenilənməlidir. Sorğu iştirakçılarının 25%-i “250 min km-dən çox”, 17,8%-i “100-150 min km”, 17,8%-i “200-250 min km”, 14,4%-i isə “100 min km” cavabını seçib.