VƏTƏNDAŞLAR SOSİAL ŞƏBƏKƏLƏRDƏN HANSI MƏQSƏDLƏR ÜÇÜN İSTİFADƏ EDİR?

“Global Stats” statistika mərkəzinin son hesabatına əsasən, oktyabr ayında “Facebook” (“Meta”) Azərbaycanın sosial media bazarında birinci yeri tutub. Bunu nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) vətəndaşların sosial şəbəkələrdən istifadə fəallığını öyrənmək məqsədilə 5-10 noyabr tarixlərində sorğu keçirib.

Sorğuda iştirak edən 580 respondentin 42%-ni qadınlar, 58%-ni kişilər təşkil edib.

İlk suala verilən cavablar əsasında məlum olub ki, respondentlərin 67%-i sosial şəbəkələrdən aktiv şəkildə istifadə edir. Sorğuda iştirak edənlərin  33%-i aktiv istifadəçi olmadığını bildirib.

“Sosial şəbəkə hesablarınızın dost siyahısında şəxsən tanımadıqlarınız var?” sualına cavab verən respondentlərin 41%-i “Bəli”, 25%-i “Xeyr”, 32%-i “Var, amma azdır” variantını seçib. İştirakçıların 2%-i cavab verməkdə çətinlik çəkib.

Sorğu iştirakçılarının 59%-i sosial şəbəkələrdən istifadənin iş və ya təhsillərinə müsbət təsirini bildirsə də, 30%-i virtual məkandan yalnız əyləncə məqsədilə istifadə etdiyini qeyd edib. Sosial platformalardan istifadəni vaxt itkisi hesab edənlər cavab verənlərin 11%-ni təşkil edib.

Növbəti suala cavab verən respondentlərin 11%-i sosial şəbəkələrdən istifadəyə görə iş və ya təhsillərinə yetəri qədər vaxt ayıra bilmədiyini vurğulayıb. İştirakçıların 45%-i virtual məkana daha çox zaman ayırdığını, lakin bunun onların iş və ya təhsillərinə mane olmadığını qeyd edib. Cavab verənlərin 44%-i sosial şəbəkələrə az vaxt ayırdığını vurğulayıb.