VƏTƏNDAŞLAR NAĞDSIZ ÖDƏNİŞLƏR ZAMANI ELEKTRON PULQABIDAN İSTİFADƏ EDİRMİ?

Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata görə, 2022 -ci ilin I yarımili ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış nağdsız əməliyyatların həcmi 2.2 dəfə artaraq 9.9 mlrd. manata çatıb. MTM (Media Təhlil Mərkəzi) bunu nəzərə alaraq, nağd və nağdsız ödənişlərlə bağlı vətəndaşların fikrini öyrənib. 

Sorğuda iştirak edən 1520 respondentin 61%-ni qadınlar, 39%-ni isə kişilər təşkil edib.  

İlk suala verilən cavablar əsasında məlum olub ki, respondentlərin 40%-i pulqabıda 20 AZN-dən az, 33%-i 20-50 AZN, 12%-i 50-100 AZN, 8%-i isə 100 AZN-dən çox pul saxlasa da 7%-i ümumiyyətlə nağd puldan istifadə etmir.

Sorğu iştirakçılarının 35%-i aylıq xərclərinin qeydiyyatını apardıqlarını, 37%-i qeyd etmədiklərini, 28%-i isə yadda saxladıqlarını bildiriblər.  

Növbəti sualın cavabları əsasında respondentlərin elektron pulqabı ilə bağlı fikirləri müəyyən edilib. İştirakçıların 36%-nin fikrincə, elektron pulqabı valyuta əməliyyatlarını asanlaşdırır və sürətləndirir, 16%-i hesab edir ki, elektron pulqabı etibarlı deyil, bu barədə məlumatım yoxdur deyənlər isə respondentlərin 49%-ni təşkil edib.  

Sorğu iştirakçılarının 4%-i “mpay”, 8%-i “Portmanat”, 5%-i “EPUL”, 8%-i “Kassam” yerli pulqabılarının xidmətlərindən istifadə etsə də, 66%-i ümumiyyətlə yerli pulqabıdan istifadə etmədiyini bildirib. “Digər” variantını seçənlər isə cavab verənlərin 18% -ni təşkil edib. 

Bir neçə variant seçmək imkanına malik olan respondentlərin “Hansı xarici elektron pulqabı platformalarında hesabınız var?” sualına cavabları aşağıdakı kimi olub: 

Skrill – 2%

WebMoney – 5%

Qıwı – 3%

YooMoney (Yandex Money) – 2%

Digər – 9%

İstifadə etmirəm – 93%

Sonuncu suala cavab verən respondentlərin 9%-i xarici elektron pulqabı platformalarına Azərbaycandan daxil olarkən bütün əməliyyatları icra edə bildiyini, 7%-i isə müəyyən əməliyyatlar zamanı bəzi platformalarda problem yarandığını bildirib. Xarici elektron pulqabıdan istifadə etmirəm deyənlər isə respondentlərin 84%-ni təşkil edib.