Avropa çempionatının 60 illiyi münasibətilə “AVRO-2020”nin A qrupunun 3 oyununun və ¼ final mərhələsinin 1 qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı fikirləri öyrənmək üçün MTM (Media Təhlil Mərkəzi) tərəfindən 07-12 iyun tarixlərində sorğu keçirilib.
Sorğuda iştirak edən 631 respondentin 23%-ni qadınlar, 77%-ni kişilər təşkil edib.
Bakıda keçiriləcək oyunlara nə dərəcədə maraq göstərildiyini müəyyənləşdirmək üçün verilən suala gələn cavablardan məlum olub ki, respondentlərin 50,2%-i oyunları televiziya kanalları vasitəsilə izləməyə üstünlük verir. Cavab verənlərin 14,6%-i qarşılaşmalara onlayn qaydada baxacağını qeyd edib. Stadiona gedəcəyini deyənlər sorğu iştirakçılarının 11,4%-ni, futbola marağının olmadığını bildirənlər 23,8%-ni təşkil edib.
İsveçrə-Türkiyə matçı Bakıda keçirilməsi nəzərdə tutulan digər oyunlarla müqayisədə respondentlər üçün daha maraqlıdır. Sorğu iştirakçılarının 31,1%-i bu mənada həmfikirdir. ¼ final qarşılaşmasına xüsusi maraq göstərənlər respondentlərin 24,4%-ni təşkil edib. İştirakçıların 21,1%-i Türkiyə-Uels oyununu daha maraqlı hesab edib. Paytaxtda keçirilən ilk oyun – Uels və İsveçrə yığmalarının mübarizəsi sorğu iştirakçılarının cəmi 1,9%-i üçün maraqlı idi. Qeyd olunan qarşılaşmaların heç birini maraqlı hesab etməyənlər respondentlərin 3,8%-ni, “AVRO-2020”yə ümumiyyətlə maraq göstərməyənlər isə 17,7%-ni təşkil edib.
“Qrup mərhələsində Bakıda oyun keçirən yığmalardan hansını ¼ final mərhələsində yenidən paytaxtımızda görmək istəyərsiniz?” sualına cavab olaraq respondentlərin 65,5%-i Türkiyə variantını seçib. Sorğu iştirakçılarının 1,4%-i Uels yığmasını, 1,4%-i İsveçrə millisini ¼ final mərhələsində Bakıda görmək istəyir. Sözügedən mərhələdə başqa yığmaların Bakıya gəlməsini istəyənlər respondentlərin 12,8%-ni təşkil edib. Cavab verənlərin 18,9%-i üçün bunun heç bir fərqi yoxdur. Qeyd edək ki, sorğuda iştirak edən kişilərin 71, qadınların isə 48 faizi ¼ finalda Türkiyə yığmasını Bakıda görmək istədiyini bildirib.
Azərbaycanda beynəlxalq yarış və tədbirlərin keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti ilə bağlı verilən suala respondentlərin maksimum 3 cavab seçmək imkanı var idi. Nəticələr aşağıdakı kimi olub:
- Azərbaycan beynəlxalq arenada tanınır – 70,5%;
- Ölkəmizə turist axını çoxalır – 65,5%;
- İqtisadi inkişafımıza müsbət təsir edir – 35%;
- Azərbaycan idman ölkəsi olduğunu dünyaya bir daha sübut edir -30,3%;
- Yerli əhali üçün əyləncə imkanları yaradılır -18,1%.