Aparılan təhlillər göstərir ki, son 6 ayda ödəniş kartları ilə bağlı axtarış sorğularının sayı artıb. İnsanların pandemiya dövründə onlayn alış-verişə üstünlük verməsi debet və kredit kartlarına olan marağı daha da artırıb.
Media Təhlil Mərkəzi (MTM) tərəfindən 6-10 aprel tarixlərində mövzu ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edən 565 respondentin 40%-ni qadınlar, 60%-ni kişilər təşkil edib.
Hansı növ kartların daha çox istifadə olunduğunu öyrənmək üçün verilən suala respondentlərin bir və ya bir neçə cavab seçmək imkanı olub. Nəticələr göstərir ki, sorğu iştirakçılarının 52,7%-i maaş, 52%-i isə debet kartına sahibdir. Respondentlərin 11,7 faizi kart istifadəçisi olmasa da, 22.7 %-i kredit kartlarından istifadəyə üstünlük verdiyini bildirib.
Sorğunun nəticələrinə əsasən demək olar ki, respondentlərin 61,2%-i alış-verişində kartla istifadəyə daha çox üstünlük verir. Alış-verişdə nadir hallarda kartdan istifadə edənlər sorğu iştirakçılarının 22,7%-ni təşkil edib. Cavab verənlərin 16,1%-i isə alış-veriş zamanı kartdan istifadə etmədiyini qeyd edib.