SORĞU: “COVID-19” VƏ VAKSİNASİYA

1 ildən artıqdır dünyanı əhatə edən koronavirus pandemiyası 3 milyona yaxın insanın həyatına son qoyub. Azərbaycanda isə bu günə qədər virusdan ölənlərin sayı 3600-dən çoxdur. Ölkədə “COVID-19”a qarşı mübarizə çərçivəsində vaxtında atılan addımlar vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanda hər 1000 nəfər arasında peyvənd olunanların say göstəricisi 4,9-dur və bu, bir sıra qabaqcıl dünya ölkələri ilə müqayisədə ürəkaçan nəticə hesab oluna bilər. Peyvəndləmə göstəricilərinə görə, Azərbaycan MDB ölkələri arasında da ön sıralardadır. Ölkədə vaksinasiya prosesi yanvarın 18-dən başlayıb və əhalinin 5,2 faizi peyvənd olunub.

«MTM» tərəfindən “COVID-19” və vaksinasiya ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədilə 29 mart-2 aprel tarixlərində növəti sorğu keçirilib. 703 respondentin 51 faizini qadınlar, 49 faizini isə kişilər təşkil edib.

Sorğuda iştirak edənlərin 61,4%-i qohum və ya tanışlarının, 18,5%-i özünün, 7,2%-i isə ailə üzvlərinin koronavirusa yoluxduğunu bildirib. Respondentlərin 22%-i tanıdıqları insanlardan heç birinin virusa yoluxmadığını vurğulayıb.

Nəticələr göstərir ki, sorğu iştirakçılarının 52,8%-nin dost-tanışı, 35,4%-nin ailə üzvü, 8%-nin isə özü vaksinasiya olunub. Ətrafında heç kəsin vaksinasiya olunmadığını deyənlər respondentlərin 18%-ni təşkil edib.

Respondentlərin koronavirusa qarşı peyvənd olunmağa münasibəti də birmənalı olmayıb. Sorğuya əsasən, iştirakçıların 9,4%-i peyvənd olunduğunu, 26,3%-i yaxın müddətdə vaksinasiya olunacağını söyləyiblər.

Sorğuda iştirak edənlərin 29%-i yalnız (iş, xaricə səyahət və s. səbəblərə görə) məcbur qaldığı halda peyvənd olunacağını qeyd etsələr də, 27,3%-i peyvənd olunmağı düşünmədiyini, 8%-i isə ümumiyyətlə peyvənd etdirməyin əleyhinə olduğunu qeyd ediblər.