Mərkəzi Bankın açıqladığı məlumata görə, bu il Azərbaycanda nağdsız əməliyyatların həcmi təxminən 12% artıb. MTM (Media Təhlil Mərkəzi) nağdsız ödənişlərə artan marağı nəzərə alaraq, vətəndaşlar arasında sorğu keçirib və onların fikirlərini öyrənib. Sorğuda iştirak edən 1219 respondentin 24%-ni qadınlar, 76%-ni kişilər təşkil edib.
İlk suala verilən cavablar əsasında məlum olub ki, respondentlərin 96%-i nağdsız ödənişlərdən istifadə edir.
Sorğu iştirakçılarının 30,7%-i nağdsız ödənişlərdən daha təhlükəsiz və rahat olduğuna, 22,9%-i vaxta qənaət imkanı yaratdığına, 38,6%-i isə keşbek qazandırdığına görə istifadə edir. Digər üstünlüklərinə görə nağdsız ödəniş metodunu əlverişli hesab edənlər respondentlərin 3,3%-ni təşkil edib. İştirakçıların 4,5%-i nağdsız ödənişlərdən istifadə etmədiyini bildirib.
Respondentlərin “Hansı ödəniş sistemindən istifadəyə üstünlük verirsiniz?” sualına cavabları aşağıdakı kimi olub:
Hökumət Ödəniş Portalı – 10,5%;
“ASAN ödəniş” sistemi – 4,7%;
Hesab.az – 12,8%;
Digər – 67,5%;
İstifadə etmirəm – 4,5%.
Sorğu iştirakçılarının 76%-ı nağdsız ödənişlər üçün quraşdırılan pos-terminalların fəaliyyətindən razı olsa da, 24%-i narazıdır.
Respondentlərin 24,2%-i son 2 ayda onlayn alış-verişə 100 AZN-ə qədər, 16,8%-i 200 AZN-ə qədər, 13,5%-i 300 AZN-ə qədər, 7,8%-i 400 AZN-ə qədər, 37,7%-i isə 400 AZN-dən çox pul xərclədiyini deyib.