MTM (Media Təhlil Mərkəzi) vətəndaşların su təminatı və istifadə etdikləri içməli su ilə bağlı fikirlərini öyrənib. Sorğuda iştirak edən 1400 respondentin 46%-ni qadınlar, 54%-ni kişilər təşkil edib.
“İçməli suyu hansı mənbədən əldə edirsiniz?” sualını cavablandıranların 48,1%-i “Ümumi şəbəkədən” variantını seçib. Respondentlərin 18,7%-i içməli suyu sifarişlə aldığını, 15%-i digər mənbələrdən əldə etdiyini bildirib. Filtrlənmiş sudan istifadə edənlər sorğu iştirakçılarının 18,2%-ni təşkil edib.
Sorğu zamanı respondentlərin 90%-nin suya qənaət etdiyi də müəyyənləşib.
Vətəndaşların su təminatı ilə bağlı vəziyyətini öyrənmək üçün verilən suala cavablar aşağıdakı kimi olub:
Fasiləsiz – 50%;
2-6 saat – 15%;
6-12 saat – 10%;
12-18 saat – 7%;
Həftədə bir neçə dəfə 8%;
Digər – 10%.
Respondentlərin 16%-i ay ərzində suya 5 AZN-ə qədər, 25%-i 5-10 AZN, 33%-i 10-20 AZN, 26%-i 20 AZN-dən çox vəsait xərclədiyini bildirib.
İştirakçıların Xəzərin suyunun içməli suya çevrilməsini nəzərdə tutan layihə ilə bağlı fikirləri müxtəlif olub. Respondentlərin 32%-i layihənin su qıtlığını aradan qaldıracağını, 31%-i Xəzərin ekoloji vəziyyətinə mənfi təsir edəcəyini, 6%-i su təchizatına təsir etməyəcəyini bildirib. Layihə barədə fikir bildirməkdə çətinlik çəkənlər cavab verənlərin 23%-ni təşkil edib. Sorğu iştirakçılarının 8%-i isə “Digər” variantını seçib.