RESPONDENTLƏRİN 89%-İ “ASAN XİDMƏT”İN FƏALİYYƏTİNDƏN RAZIDIR – SORĞU

MTM (Media Təhlil Mərkəzi) “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar vətəndaşlar arasında sorğu keçirib və onların fikirlərini öyrənib. Sorğuda iştirak edən 625 respondentin 37%-ni qadınlar, 63%-ni kişilər təşkil edib.

Sorğu əsasında məlum olub ki, respondentlərin 89%-i “ASAN Xidmət”in fəaliyyətindən razı, 6%-i narazıdır. Cavab verənlərin 5%-i isə “ASAN Xidmət”ə müraciət etmədiklərini bildiriblər.

Bir neçə variant seçmək imkanı olan respondentlər növbəti sualı cavablandırmaqla “ASAN Xidmət” mərkəzlərinin daha çox hansı xidmətlərinə müraciət etdiklərini açıqlayıblar.

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi – 78%;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi – 41%;

Notariat fəaliyyəti – 33%;

Digər – 25%;

Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın verilməsi – 19%;

Məhkumluq barədə arayışların verilməsi – 18%;

Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı – 15%;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı – 14%;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi – 14%;

İstifadə etməmişəm – 7%;

Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı – 6%;

Miqrasiya xidməti – 4%;

Hüquqi və fiziki şəxslərə arxiv arayışlarının verilməsi – 3%.

Sorğu iştirakçılarının 80%-i daha çox “ASAN Xidmət”in, 4%-i “ASAN Kommunal”ın, 5%-i “ASAN ödəniş”in, 1%-i “ABAD” publik hüquqi şəxsin xidmətlərindən razı olduğunu qeyd edib. Cavablar əsasında məlum olub ki, iştirakçıların 10%-i “ASAN Xidmət”in digər fəaliyyət sahələrindən daha çox razıdır.

Cavab verənlərin 45%-i “ASAN Kommunal” mərkəzlərinin fəaliyyətini yaxşı, 17%-i qənaətbəxş hesab edib. “ASAN Kommunal” mərkəzlərinin xidmətlərindən razı olmadığını bildirənlər respondentlərin 6%-ni təşkil edib. İştirakçıların 32%-nin isə “ASAN Kommunal”a müraciət etmədiyi məlum olub.

İştirakçıların 49%-i “ASAN Xidmət”in çağrı mərkəzinin fəaliyyətindən razı, 8%-i narazı olduğunu bildirib. Çağrı mərkəzinin fəaliyyətini qənaətbəxş hesab edənlər respondentlərin 16%-ni təşkil edib. Sorğu iştirakçılarının 27%-i isə sözügedən çağrı mərkəzinin xidmətindən istifadə etmədiyini deyib.