MTM (Media Təhlil Mərkəzi) vətəndaşların mütaliə vərdişi ilə bağlı fikirlərini öyrənmək məqsədi ilə sorğu keçirib. Sorğuda iştirak edən 1400 respondentin 60%-ni qadınlar, 40%-ni kişilər təşkil edib.
İlk sualı cavablandıranların 88,3%-i kitabı çap olunmuş formada, 1,9%-i audiokitab formatında, 7,7%-i telefon və kompüterdə oxumağa üstünlük verdiyini bildirib. Kitab oxumadığını deyənlər respondentlərin 2,1%-ni təşkil edib.
Növbəti sual sorğu iştirakçılarının son 3 ay ərzində neçə kitab oxuduqları ilə bağlı olub. Cavab verənlərin 56,6%-i 1-3, 18,1%-i 4-6, 7%-i 7-9 kitab oxuduğunu bildirib. Qeyd edilən müddət ərzində 9-dan çox kitab oxuduğunu deyənlər respondentlərin 10,3%-ni, “Oxumuram” variantını seçənlər 8%-ni təşkil edib.
Bir neçə variant seçmək imkanına malik olan sorğu iştirakçılarının “Daha çox hansı janrda kitabları oxuyursunuz?” sualına cavabı aşağıdakı kimi olub.
Klassika – 43,3%;
Detektiv romanlar – 42,1%;
Tarixi romanlar – 37,1%;
Elmi ədəbiyyat – 35,3%;
Digər – 27,9%;
Peşəkar ədəbiyyat – 25,3%;
Fantastik əsərlər – 22,6%;
Sevgi hekayələri – 19,3%;
Şeir – 19%;
Kitab oxumuram – 2,4%.
Növbəti sualla mütaliə edənlərin daha çox hansı müəlliflərə üstünlük verdiyini müəyyənləşdirmək mümkün olub. Belə ki, cavab verənlərin 9,9%-i yerli, 38,7%-i xarici müəlliflərə üstünlük verdiyini bildirib, 51,4%-i “Fərqi yoxdur” variantını seçib.
“Sizcə, mütaliə etmək nə üçün vacibdir?” sualına cavab verənlərin 75,3%-i hesab edir ki, mütaliə etmək söz ehtiyatını və dünyagörüşünü artırır. Mütaliənin cəmiyyətə inteqrasiyaya yardım göstərdiyini deyənlər iştirakçıların 5,1%-ni, sosial münasibətlərdə davamlılıq yaratdığını bildirənlər 6,7%-ni təşkil edib. Respondentlərin 12,9%-i “Digər” variantını seçib.