MTM (Media Təhlil Mərkəzi) qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar vətəndaşlar arasında sorğu keçirib və onların müqəddəs ayla bağlı fikirlərini öyrənib. Sorğuda iştirak edən 911 respondentin 50%-ni qadınlar, 50%-ni kişilər təşkil edib. Respondentlərin 47%-i hər il oruc tutduğunu, 24%-i isə ümumiyyətlə tutmadığını bildirib. İştirakçıların 21%-i müəyyən səbəblərə görə bəzən oruc tutmadığını, 5%-i yalnız bu il oruc tuta bilmədiyini deyib. Respondentlərin 3%-i bu il ilk dəfə oruc tutduğunu qeyd edib. Növbəti sual iştirakçıların Ramazan ayını necə keçirmələri ilə bağlı olub. Sorğuda iştirak edənlərin 33%-i daha çox savab işlər görməyə çalışdığını, 18%-i daha çox ibadət etdiyini, 10%-i dini biliklərini artırdığını bildirib. Sualı cavablandıranların 19%-i həmin ayın digər aylardan fərqlənmədiyini deyib, 20%-i isə “Digər” variantını seçib. Ramazan bayramı ilə əlaqədar planlarını da açıqlayan respondentlərin 78%-i bayramı ailəsi ilə birgə keçirəcəyini, 3%-i istirahətə yollanacağını, 12%-i bayramı qeyd etməyəcəyini vurğulayıb. Bayramla əlaqədar fərqli planları olanlar isə sorğu iştirakçılarının 7%-ni təşkil edib.