RESPONDENTLƏRİN 67%-İ YENİ İL BAYRAMINI EVDƏ AİLƏSİ İLƏ BİRGƏ QEYD EDƏCƏK

MTM (Media Təhlil Mərkəzi) vətəndaşların növbəti ildən gözləntilərini müəyyənləşdirmək məqsədilə 15-20 dekabr tarixləri arasında növbəti sorğu keçirib. Sorğuda iştirak edən 673 respondentin 44%-ni qadınlar, 56%-ni kişilər təşkil edib.

İlk suala verilən cavablar əsasında məlum olub ki, respondentlərin 32%-nin növbəti ildən gözləntisi iqtisadiyyatda və əhali gəlirlərində artımdır. Sorğu iştirakçılarının 32%-i 2022-ci ildən “COVID-19”a qarşı qələbə, 17%-i işğaldan azad edilən ərazilərə ilk köçürülmə prosesinin reallaşmasını gözləyir. Cavab verənlərin 17%-nin növbəti il üçün xüsusi gözləntisi yoxdur.

Gələn ildə pandemiyaya qalib gəlməyin mümkünlüyü ilə bağlı suala respondentlərin cavabı aşağıdakı kimi olub:

Virusun yeni mutasiyası fonunda inanmaq çətindir – 23%;

Vaksinləşmə virusu lokallaşdıra bilər – 13%;

Virusa qalib gəlmək vətəndaşların qaydalara əməl etməsindən asılı olacaq – 31%;

Pandemiya növbəti ildə də davam edəcək – 33%.

Sorğunun nəticələri əsasında cavab verənlərin bayram hədiyyələrinə xərcləyəcəkləri məbləği də müəyyənləşdirmək mümkün olub. Belə ki, respondentlərin 55%-nin bayram hədiyyələrinə xərcləyəcəyi məbləğin həcmi 50 manata qədərdir. İştirakçıların 24%-i yeni il hədiyyələrinə 50-100 manat, 11%-i 100-200 manat, 4%-i 200-300 manat, 6%-i 300 manatdan çox vəsait ayıracağını bildirib.

Bayramı ailəsi ilə birgə evdə qeyd edəcəyini deyənlər cavab verənlərin 67%-ni, qonaq getməyi və qonaq qəbul etməyi düşünənlər isə respondentlərin 9%-ni təşkil edib. Sorğu iştirakçılarının 4%-i bayramda rayona gedəcəyini, 3%-i yeni ili ölkə xaricində qarşılayacağını, 17%-i isə bayramı qeyd etməyəcəyini vurğulayıb.