RESPONDENTLƏRİN 55,2%-İ APTEK SEÇƏRKƏN QİYMƏTLƏRİN MÜNASİB OLMASINA DİQQƏT YETİRİR – SORĞU

MTM (Media Təhlil Mərkəzi) apteklərin fəaliyyəti və dərman vasitələrinin keyfiyyəti ilə bağlı vətəndaşlar arasında sorğu keçirib. Sorğuda iştirak edən 850 respondentin 51%-ni qadınlar, 49%-ni kişilər təşkil edib.

İlk sual əsasında respondentlərin dərmanların keyfiyyəti ilə bağlı fikirlərini öyrənmək mümkün olub. İştirakçıların 30,2%-i dərmanların keyfiyyətindən razı olsa da, 17,2%-i narazılığını bildirib. Cavab verənlərin 52,6%-i dərman vasitələrinin keyfiyyətinin qənaətbəxş olduğunu qeyd edib.

Sorğu iştirakçılarının 36,5%-i vurğulayıb ki, dərman vasitələrini bir neçə aptekdən maraqlanır və müqayisələrdən sonra əldə edir. İştirakçıların 29,8%-i istənilən aptekdən dərman aldığını, 22,6%-i dərmanları hər zaman eyni aptekdən əldə etdiyini, 11,1%-i daha çox xalq təbabətinə üstünlük verdiyini deyib.

Respondentlərin 39,7%-i dərman alarkən aptek əməkdaşının tövsiyəsinə etibar etsə də, sonda həkimin fikrinə önəm verdiyini, 37,8%-i isə yalnız həkim reseptinə əsasən aldığını qeyd edib. İştirakçıların 15,9%-i həm həkimə, həm də aptek əməkdaşına etibar etdiyini bildirib. Aptek əməkdaşının tövsiyəsinə inanan və dərmanı ona əsasən alanlar respondentlərin 6,6%-ni təşkil edib.

İştirakçılar növbəti sualı cavablandırmaqla aptek seçərkən ən çox diqqət etdikləri məqamları da açıqlayıblar. Bir neçə variant seçmək imkanı olan respondentlərin cavabları aşağıdakı kimi olub:

Qiymətlərin münasib olmasına – 55,2%;

Yaxın ərazidə yerləşməsinə – 40,8%;

Həkimin məsləhətinə – 37,1%;

Dərman çeşidinin bol olmasına – 30,1%;

Tanıdığım şəxsin orada çalışmasına – 21,6%;

İstənilən aptekdən alıram – 14,6%;

Digər – 8,7%.

Verilən cavabların nəticələri əsasında məlum olub ki, respondentlərin cəmi 4,2%-i apteklərdən tez-tez onlayn qaydada alış-veriş edir. İştirakçıların 19,8%-i nadir hallarda apteklərdən onlayn alış-veriş etsə də, 76%-i ümumiyyətlə etmir.

Sorğu iştirakçılarının 17,6%-i icbari tibbi sığorta xidmətlərindən yararlansa da, 82,4%-i qeyd edilən xidmətlərdən istifadə etməyib.