RESPONDENTLƏRİN 55%-İ TULLANTILARIN ÇEŞİDLƏNMƏSİ PROSESİNƏ HAZIRDIR

Ölkəmizdə bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinə dair müxtəlif layihələr həyata keçirilsə də, bəzən tullantılarla bağlı xoşagəlməz hallarla rastlaşırıq. MTM (Media Təhlil Mərkəzi) vətəndaşların tullantıların çeşidlənməsi prosesinə hazırlığını öyrənmək məqsədilə 15-20 oktyabr tarixlərində sorğu keçirib. Sorğuda iştirak edən 550 respondentin 53%-ni qadınlar, 47%-ni kişilər təşkil edib.

Respondentlərin 69%-nin fikrincə, məişət tullantılarının çeşidlənməsi ətraf mühitin qorunmasına təsir edir. Cavab verənlərin 26%-i bu təsirin az olduğunu, 5%-i isə ümumiyyətlə təsir etmədiyini bildirib.

Sorğu iştirakçılarının 51%-i tullantıların ev şəraitində çeşidlənməsinə hazır olsa da, 29%-i hazır deyil. İştirakçıların 20%-i isə artıq çeşidlədiyini qeyd edib.

Tullantıların çeşidlənməsi prosesinə hazır olmadığını bildirənlərdən bunun səbəbi soruşulub. Bir neçə variant seçmək imkanına malik olan iştirakçıların cavabı aşağıdakı kimi olub:

Vaxt ayıra bilmirəm – 17%;

Evdə tullantıları çeşidləmək üçün lazımi şəraitim yoxdur – 23%;

Yaşadığım ərazidə tullantılar üçün çeşidləmə qutuları  yoxdur – 41%;

Tullantıların emal olunacağından əmin deyiləm – 16%;

Digər – 8%;

Hazıram – 55%.