Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad ediləcək. Mövzunun aktuallığını nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) tərəfindən 15-20 sentyabr tarixlərində sorğu keçirilib. Sorğuda iştirak edən 890 respondentin 40%-ni qadınlar, 60%-ni kişilər təşkil edib.
İlk sualda respondentlərdən Azərbaycanın öz torpaqlarını işğaldan hərbi yolla azad etməsinin səbəbi soruşulub. Cavab verənlərin 42%-i Ermənistanın siyasi rəhbərliyini, 21%-i xarici qüvvələri səbəbkar hesab edib. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini səbəb göstərənlər sorğu iştirakçılarının 37%-ni təşkil edib.
Növbəti sualla respondentlərin Qarabağa səyahət planlarını müəyyən etmək mümkün olub. Cavab verənlərin 53%-i yaxın gələcəkdə Qarabağa səyahət etməyi planlaşdırdığını, 36%-i təhlükəsizlik tədbirlərinin tam təmin olunacağı halda gedəcəyini, 5%-i artıq səyahət etdiyini, 6%-i isə səyahət etməyi düşünmədiyini bildirib.
İşğaldan azad edilmiş ərazilərdə işgüzar fəallığın təmin edilməsi istiqamətində atılmalı addımlarla bağlı verilən suala cavab verənlərin 30%-i sözügedən torpaqlarda yeni fabrik və zavodların açılmasının zəruri olduğunu qeyd edib. Respondentlərin 28%-i xüsusi iqtisadi zonaların yaradılmasını, 21%-i xarici investisiyaların cəlb edilməsini, 21%-i isə aqroparkların və fermer təsərrüfatlarının yaradılmasını məqsədəuyğun hesab edir.
İştirakçılar işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın hansı sahələrinin aparıcı olacağı ilə bağlı suala aşağıdakı kimi cavab veriblər:
Kənd təsərrüfatı – 35%;
Sənaye – 8%;
Tikinti – 4%;
Turizm və xidmət sahəsi – 51%;
Ticarət – 2%.