RESPONDENTLƏRİN 5%-İ KİBERCİNAYƏTKARLARIN ƏMƏLLƏRİNƏ GÖRƏ YÜKSƏK MƏBLƏĞDƏ MADDİ ZİYANA UĞRAYIB

MTM (Media Təhlil Mərkəzi) vətəndaşların kibercinayətkarlıqla bağlı fikirlərini öyrənib. Sorğuda iştirak edən 1325 respondentin 59%-ni qadınlar, 41%-ni kişilər təşkil edib.

İlk suala cavab verənlərin 56%-i son bir il ərzində onlayn alış-verişlərinin sayının artdığını, 30%-i eyni səviyyədə qaldığını, 14%-i azaldığını bildirib.

Sorğu nəticəsində məlum olub ki, respondentlərin 69%-i onlayn alış-veriş edərkən heç vaxt aldadılmayıb. 28%-i nadir hallarda, yalnız 3%-i tez-tez aldadıldığını deyib.

“Son bir ildə kiberdələduzlardan zənglər və ya mesajlar almısınız?” sualına gəlincə bir neçə variant seçmək imkanına malik olan iştirakçıların 59%-i sms mesajları aldığını söyləyib. Sorğu iştirakçılarının 29%-i messencerlər vasitəsilə mesajlar göndərildiyini, 28%-i zənglər gəldiyini deyib. Kiberdələduzlardan zəng və ya mesaj almayanlar cavab verənlərin 25%-ni təşkil edib.

İştirakçıların 85%-i kibercinayətkarların əməllərinə görə maddi ziyanla üzləşmədiyini desələr də, 5%-i yüksək, 10%-i isə kiçik məbləğdə ziyana uğradığını bildirib.