Cari ilin yanvar ayının 1-dən Azərbaycanda plastik qablar və polietilen paketlərlə mübarizəyə start verilib. İyul ayının 1-dən isə sözügedən məhsulları istehsal edən və satan şəxslərə qarşı cərimələrin tətbiq olunduğunu nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) tərəfindən 25-30 sentyabr tarixlərində sorğu keçirilib. Sorğuda iştirak edən 620 respondentin 51%-ni qadınlar, 49%-ni kişilər təşkil edib.
İlk sualın cavabında respondentlərin 42%-i polietilen paket və plastik qablardan hər zaman, 55%-i yalnız zərurət olduqda istifadə etdiyini, 3%-i isə qəti şəkildə istifadə etmədiyini bildirib.
Növbəti sualla respondentlərin 41%-nin polietilen paket və plastik qablardan imtina etməyə hazır olduğu müəyyənləşib. Cavab verənlərin 34%-i sözügedən məhsullardan qismən imtina edə biləcəyini vurğulasa da, 12%-i imtina etməyə hazır olmadığını, 13%-i isə bu barədə düşünmədiyini qeyd edib.
Polietilen paketlərdən və plastik qablardan istifadənin qarşısının alınması ilə bağlı verilən suala respondentlər aşağıdakı kimi cavab verib:
Təkrar emal olunmayan plastikin emal olunanla dəyişdirilməsi – 28%;
Polietilen paketlərin və plastik qablardan müştərinin aldığı məhsuldan asılı olaraq yalnız zərurət olduqda istifadəsi – 21%;
Sözügedən məhsulların pul ilə satılması – 8%;
Kağız paketlərdən istifadəni artırmaq üçün kampaniya və ya bonusların tətbiq edilməsi – 25%;
İnsanlar arasında maarifləndirmə tədbirlərinin aparılması – 18%.
Polietilen və plastik tullantıları sağlamlıq və ətraf mühit üçün ciddi təhlükə hesab edənlər sorğu iştirakçılarının 74%-ni təşkil etsə də, 23%-i bu tullantıların ciddi təhlükə olmadığını, 3%-i isə ümumiyyətlə təhlükəli olmadığını qeyd edib.