MTM vətəndaşlar arasında sorğu keçirərək işə qəbul prosesi və iş yerləri ilə bağlı onların fikirlərini öyrənib. Sorğuda iştirak edən 1420 repondentin 42%-ni qadınlar, 58%-ni kişilər təşkil edib.
İlk suala verilən cavablar əsasında məlum olub ki, respondentlərin 41%-i ixtisasına uyğun, 12%-i ixtisasına yaxın sahədə çalışır. İştirakçıların 13%-i işləmədiyini, 3%-i təhsilinin olmadığını, 31%-i ixtisasına uyğun sahədə çalışmadığını bildirib.
“İş yerinizi və peşənizi dəyişmək haqqında düşünürsünüz?” sualına cavab verənlərin 47%-i “Bəli”, 17%-i “Xeyr” variantını seçib. İş yerini dəyişmək istəyənlər respondentlərin 20%-ni, yalnız fəaliyyət sahəsini dəyişmək istəyənlər 9%-ni, bu suala cavab verməkdə çətinlik çəkənlər isə 12%-ni təşkil edib.
Respondentlərdən əməkhaqlarının sonuncu dəfə nə zaman artdığı da soruşulub. Sorğuda iştirak edənlərin 28%-i maaşının ötən il, 20%-i 2 il əvvəl, 14%-i 3 il və ya daha əvvəl artdığını bildirib. Maaşının artmadığını deyənlər iştirakçıların 26%-ni, “Digər” variantını seçənlər isə 12%-ni təşkil edib.
İştirakçıların 17%-i işini itirəcəyi halda asanlıqla yenisini tapa biləcəyini, 47%-i yeni iş tapmaqda çətinlik çəkəcəyini, 24%-i yeni iş tapmağın mümkünsüz olduğunu bildirib. Bu barədə fikir bildirməkdə çətinlik çəkənlər respondentlərin 12%-ni təşkil edib.
2023 və 2024-cü ildə keçirilən eyni mövzulu sorğunun nəticələrinin müqayisəsi göstərir ki, iş yerini və peşəsini dəyişmək istəyən respondentlərin sayı 10,8% artsa da, bu barədə düşünmədiyini bildirənlərin sayı 13,3% azalıb. İşini itirəcəyi halda yenisini asanlıqla tapa biləcəyini deyənlərin sayında 10% azalma, yeni iş tapmağın mümkün olmadığını bildirənləri sayında isə 7% artım qeydə alınıb.