RESPONDENTLƏRİN 25,8%-İ HESAB EDİR Kİ, ERKƏN NİKAHA DAXİL OLANLAR CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB OLUNMALIDIR

MTM (Media Təhlil Mərkəzi) 30 sentyabr – 5 oktyabr tarixlərində günümüzün ən aktual problemlərindən biri olan erkən nikahlarla bağlı sorğu keçirib. Sorğuda iştirak edən 1000 respondentin 58%-ni qadınlar, 42%-ni kişilər təşkil edib.

Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 0,6%-i 19 yaşına qədər, 7,5%-i 19-22 yaş arasında, 45,9%-i 23-26 yaş arasında, 26,2%-i 27-30 yaş arasında, 10,2%-i isə 30 yaşında ailə qurmağı düşünür (ailə qurub). İştirakçıların 9,6%-i ailə qurmağı düşünmədiyini bildirib.

Evlənmək üçün uyğun yaş həddi ilə bağlı suala gəlincə, respondentlərin cavabları aşağıdakı kimi olub:

18-20 yaş – 1,7%;

21-23 yaş – 11,1%;

24-26 yaş – 47,7%;

27-29 yaş – 27,1%;

30 yaşdan sonra – 8,1%;

Yaşın fərqi yoxdur – 4,3%.

Bir neçə variant seçmək imkanına malik olan respondentlərin 50,4%-i hesab edir ki, erkən nikahların daha çox rast gəlindiyi bölgə Cənub zonasıdır. Cavab verənlərin 17%-i erkən nikahlara daha çox Aran, 12,7%-i Qərb, 10,6%-i Şimal rayonlarında, 4,3%-i Qarabağ bölgəsində rast gəldiyini bildirib. Sorğu iştirakçılarının 6%-i belə hallarla Naxçıvanda, 5,2%-i isə digər bölgələrdə rastlaşdığını qeyd edib. Erkən evlilik hallarının insanlardan asılı olduğunu bildirənlər respondentlərin 57,8%-ni təşkil edib.

İştirakçıların 10%-nin fikrincə, erkən nikah hallarının qarşısının alınması üçün məktəblərdə maarifləndirmə aparılmalıdır. Respondentlərin 26,3%-i valideynlərin maarifləndirilməsinin, 6%-i sosial çarxların hazırlanıb yayımlanmasının vacibliyini qeyd edib. Sorğu iştirakçılarının 31,9%-i erkən nikah hallarında valideynlərə cəza tətbiqini, 25,8%-i isə erkən nikaha daxil olanların cinayət məsuliyyətinə cəlb olunmasını məqsədəuyğun hesab edib.