Mərkəzi Bankın 2022-ci ilin fevral ayına dair statistik bülletenində qeyd olunur ki, hesabat ayında bankların əmanət portfeli 4.4% (412.9 mln. manat) artaraq 9,869.7 mln. manat təşkil edib. Əmanət portfelinin 55%-i (5,426.5 mln. manat) fiziki şəxslərin müddətli əmanətlərindən ibarətdir.
Bunu nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) vətəndaşlar arasında bank xidmətləri ilə bağlı sorğu keçirib. Sorğuda iştirak edən 1500 respondentin 64%-ni qadınlar, 36%-ni kişilər təşkil edib.
İlk sualda respondentlərdən hazırda hansı bankların xidmətlərindən istifadə etdikləri soruşulub. Bir neçə variant seçmək imkanına malik olan sorğu iştirakçılarının cavabı aşağıdakı kimi olub:
Kapital Bank – 53%;
Xalq Bank – 50%;
Azərbaycan Beynəlxalq Bankı – 49%;
Unibank – 24%;
Rabitəbank – 9%;
Azər Türk Bank – 9%;
PAŞA Bank – 8%;
Bank of Baku – 7%;
Bank Respublika – 6%;
ExpressBank – 5%;
Yelo Bank – 5%;
AccesBank – 5%;
Yapı Kredi Bank Azərbaycan – 1,3%;
Bank VTB – 1%;
Premium Bank – 0,7%;
Ziraat Bank – 0,7%;
Günay Bank – 0,5%;
Muğanbank – 0,5%;
AFB Bank – 0,5%;
ASB Bank – 0,3%.
Sorğuda iştirak edənlər banklara müraciət etmə səbəblərini də açıqlayıblar. Bir neçə cavab seçmək imkanına malik olan respondentlərin 65%-i “Əmək haqqımı həmin bankdan alıram” variantını seçib. Cavab verənlərin 45%-i səbəb kimi bankın etibarlı olmasını, 40%-i bank tərəfindən sərfəli şərtlərin təklif edildiyini, 34%-i onlayn ödəniş imkanlarının genişliyini qeyd edib.
Nəticələrə əsasən məlum olub ki, respondentlərin 32%-i üçün bankın tanınmış olması, 32%-i üçün ATM sayının çox olması daha vacibdir. Sorğu iştirakçılarının 30%-i hazırda istifadə etdiyi bankın uzunmüddətli müştərisi olduğu üçün həmin bankın xidmətlərindən yararlanmağa davam edir.
Cavab verənlərin 27%-i üçün bankın filial sayının çox olması, 17%-i üçün bank tərəfindən maraqlı kampaniyaların keçirilməsi çox önəmlidir. İştirakçıların 10%-i isə müştərisi olduğu bankı seçərkən dost və ya tanış məsləhətindən yararlanır.
Respondentlərin 49%-i banklara müraciət etmək üçün daha çox mobil tətbiqlərdən istifadə edir. Filiala yaxınlaşmağı məqsədəuyğun hesab edənlər iştirakçıların 32%-ni, çağrı mərkəzlərinə zəng etməyi məqbul sayanlar 11%-ni təşkil edib. İştirakçıların 5%-i banka müraciət vasitəsi kimi sosial şəbəkələrdən, 3%-i isə veb-saytdan daha çox istifadə etdiyini bildirib.
Sorğu iştirakçılarının 54%-i bankların xidmətlərindən razıdır. Göstərilən xidmətləri qənaətbəxş hesab edənlər cavab verənlərin 37%-ni təşkil edib. Respondentlərin 9%-i isə xidmətlərdən razı olmadığını vurğulayıb.
“Bank seçimi edərkən daha çox hansı amillərə üstünlük verirsiniz?” sualına ən çox 3 variant seçmək imkanına malik olan respondentlərin cavab nəticələri aşağıdakı kimi olub:
Etibarlılığına – 68%;
Sərfəli şərtlər təklif etməsinə – 66%;
Onlayn ödəniş imkanlarının genişliyinə – 41%;
ATM sayının çox olmasına – 33%;
Maraqlı kampaniyalar keçirməsinə – 26%;
Filial sayının çox olmasına – 21%;
Tanınmış olmasına – 19%;
Əvvəlki uğurlu təcrübəmə – 16%;
Dost/tanış məsləhətinə – 6%.