QLOBAL İSTİLƏŞMƏNİN SƏBƏB VƏ NƏTİCƏLƏRİ (İNFOQRAFİKA)

Son illər dünya mətbuatında qlobal istiləşmə ilə bağlı xəbərlərin yayılması və bunun bir sıra amillərlə əlaqələndirilməsi hallarına tez-tez rast gəlinir. Media Təhlil Mərkəzi (MTM) sözügedən qlobal problem və onun səbəbləri ilə bağlı vətəndaşların fikrini öyrənmək üçün 26-31 avqust tarixlərində sorğu keçirib. Sorğuda iştirak edən 790 respondentin 45%-ni qadınlar, 55%-ni kişilər təşkil edib.

Planetimizdə iqlim dəyişikliyinin müşahidə olunması ilə bağlı verilən ilk sualın cavabında respondentlərin 79%-i ciddi şəkildə iqlim dəyişikliyinin baş verdiyini bildiriblər. İqlim dəyişikliyi olsa da, problemin ciddi olmadığını qeyd edənlər iştirakçıların 19%-ni təşkil edib. Cavab verənlərin 2%-i iqlimdə heç bir dəyişikliyin olmadığını deyib.

Sorğu iştirakçılarının 65%-i qlobal istiləşmənin onların həyatına təsir etdiyini bildirib. Respondentlərin 29%-i qlobal istiləşmənin insan həyatına təsir etdiyini, lakin bu təsirin ciddi olmadığını qeyd edib. Qeyd edilən problemin insan həyatına təsirinin olmadığını deyənlər isə iştirakçıların 6%-ni təşkil edib.

Növbəti sualda iştirakçılardan qlobal istiləşmənin səbəbləri soruşulub. Respondentlərin bir neçə variant seçmək imkanına malik olduğu sualda nəticələr aşağıdakı kimi olub:

Zərərli qazlar, çirkab suları və radioaktiv tullantıların çoxalması – 80%;

Təbiətin flora və faunasının qorunmaması – 57%;

Təbiətdə təbii təkamül proseslərinin baş verməsi – 14%;

Aysberqlərin və buzlaqların əriməsi – 26%;

Günəş sisteminin təsiri və kosmik təsirlər – 26%;

Elmi-texniki tərəqqinin təsiri – 33%.

Digər sualın cavabında sorğu iştirakçılarının 62%-i qlobal istiləşməni bəşəriyyət üçün təhlükəli hesab etdiklərini və sözügedən problemin fəsadlarının müşahidə olunduğunu qeyd ediblər. İştirakçıların 27%-i qlobal istiləşmənin fəsadlarının yaxın gələcəkdə ortaya çıxacağını bildirsələr də, respondentlərin 8%-i bu problemin nəticələrinin uzaq gələcəkdə özünü biruzə verəcəyi qənaətindədir. İstiləşməni təhlükəli hesab etməyənlər cavab verənlərin 3%-ni təşkil edib.

Qlobal istiləşmənin səbəbləri ilə bağlı adətən üç fikir irəli sürülməkdədir. Sorğu zamanı respondentlərin həmin fikirlərdən hansı ilə razılaşdığı müəyyən edilib. Nəticələr aşağıdakı kimi olub:

Bu gün qlobal istiləşmə təbii proseslərin nəticəsidir – 55%;

Bu gün qlobal istiləşmə həm insan fəaliyyətinin, həm də təbii proseslərin nəticəsidir – 6%

Bu gün qlobal istiləşmə həm insan fəaliyyətinin, həm də təbii proseslərin nəticəsidir – 36%.

Respondentlərin 3%-i isə qeyd olunan fikirlərin heç biri ilə razılaşmayıb.