PANDEMİYANIN İSTİRAHƏTİMİZƏ TƏSİRLƏRİ

Ötən ildən fərqli olaraq bu ilin yay mövsümündə Azərbaycanda karantin rejiminin yumşaldılması vətəndaşlara qaydalara uyğun olaraq, həm ölkə daxilində, həm də ölkə xaricində istirahət etmək imkanı yaradıb. Vətəndaşların pandemiya dövründə istirahət planlarını öyrənmək məqsədilə MTM (Media Təhlil Mərkəzi) tərəfindən 9-14 avqust tarixlərində sorğu keçirilib.

Sorğuda iştirak edən 645 respondentin 58%-ni qadınlar, 42%-ni kişilər təşkil edib.

Bir neçə variant seçmək imkanı olan respondentlərdən ilk olaraq, son 3 ay ərzində əyləncə və istirahət məqsədilə daha çox nə etdikləri soruşulub. Cavablar aşağıdakı kimi olub:

Açıq havada gəzmək – 67,3%;

İdmanla məşğul olmaq – 18,8%;

Kafe/restorana getmək – 41,4%;

Alış-veriş etmək – 24,8%;

Rəqs/musiqi və s. kurslarında iştirak – 4,2%;

Xarici ölkəyə səfər – 5,6%;

Bölgələrə səfər – 39,8%;

Evdə istirahət – 51%

Sorğu əsasında pandemiyanın respondentlərin istirahətinə təsirini də müəyyənləşdirmək mümkün olub. Bu məqsədlə verilən suala cavab verənlər maksimum 3 variant seçə biliblər. Respondentlərin 25,6%-i xarici ölkələrə səfər etmədiyini, 15,2%-i bölgələrə getməməyə çalışdığını, 25%-i restoranlara daha az getdiyini bildirib. İştirakçıların 46%-i daha çox açıq havada gəzdiyini, 51,5%-i evdə istirahəti üstün tutduğunu, 10,7%-i davamlı şəkildə idmanla məşğul olduğunu, 16,7%-i yemək hazırlamaq bacarığının artırdığını vurğulayıb.

Növbəti sualla pandemiyanın sorğu iştirakçılarının istirahətinə müsbət təsirlərini öyrənmək mümkün olub. Pandemiya dövründə daha çox kitab oxuduğunu qeyd edənlər respondentlərin 12,6%-ni, xarici dil biliklərini artırdığını deyənlər 7%-ni, ailəsi ilə daha çox vaxt keçirənlər isə cavab verənlərin 26,7%-ni təşkil edib.

Sorğu iştirakçılarının 12,6%-i vaxtını filmə baxmaqla, 5,4%-i musiqiyə qulaq asmaqla, 10,4%-i zamanını yatmaqla keçirdiyini qeyd edib. Respondentlərin 25,3%-i isə pandemiyanın onlara təsir etmədiyini söyləyib.

Yay ayları üçün istirahət planlarını açıqlayan respondentlərin 6,4%-i xarici ölkələrə, 45,4%-i isə bölgələrə səfər edəcəyini, 48,2%-i isə pandemiyaya görə səfər etməyi düşünmədiyini bildirib.

Respondentlər sonuncu suala cavab verməklə pandemiya ilə bağlı proqnozlarını söyləyiblər. “Sizcə, 2021-ci ildə panemiyaya qalib gəlmək mümkün olacaq?” sualına aşağıdakı kimi cavab verilib:

Virusun yeni mutasiyası fonunda inanmaq çətindir – 20,5%;

Vaksinləşmə virusu lokallaşdıra bilər – 15,8%;

Virusa qalib gəlmək vətəndaşların qaydalara əməl etməsindən asılı olacaq – 30,9%;

Pandemiya növbəti ildə də davam edəcək – 32,8%.