PANDEMİYA ŞƏRAİTİNDƏ ŞƏNLİK MƏRASİMLƏRİ

Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 1-dən pandemiya şərtləri nəzərə alınmaqla şənlik mərasimlərinin keçirilməsinə icazə verilib. Mövzunun aktuallığını nəzərə alaraq, MTM (Media Təhlil Mərkəzi) tərəfindən 12-16 iyul tarixlərində sorğu keçirilib. Sorğuda iştirak edən 720 respondentin 53%-ni qadınlar, 47%-ni kişilər təşkil edib.

İlk sualın cavabında respondentlərin 42,5%-i toy və şənlik mərasimlərinə dəvət alacağı təqdirdə məmnuniyyətlə iştirak edəcəyini, 20,6%-i artıq iştirak etdiyini, 9,2%-i “COVID-19” pasportu olmadığı üçün iştirak edə bilməyəcəyini qeyd edib. Cavab verənlərin 7,6%-i “Maska taxmaq lazım olsa, iştirak etmərəm” deyib. Koronavirusa görə kütləvi mərasimlərə qatılmadığını qeyd edənlər respondentlərin 10,4%-ni, ümumiyyətlə, toy və şənlik mərasimlərinə getmədiyini deyənlər 9,7%-ni təşkil edib.

Respondentlərin 29,6%-i pandemiya tələblərinə uyğun olaraq özünə və ya ailə üzvlərinə toy və ya şənlik təşkil etməyi düşünür. Sorğu iştirakçılarının 8,2%-i “COVID-19” pasportu tələb olunduğu üçün şənlik mərasimi keçirmədiyini vurğulayıb.

Pandemiyanın bitməsini gözləyənlər respondentlərin 24,7%-ni, şənlik keçirtdiyini deyənlər 7,5%-ni, dəqiq qərar vermədiyini bildirənlər 30%-ni əhatə edib.