PANDEMİYA DÖVRÜNDƏ YAYI NECƏ KEÇİRDİK?

Sentyabrın 22-də Azərbaycanda yay fəslinin bitməsi ilə əlaqədar, MTM (Media Təhlil Mərkəzi) tərəfindən 20-25 sentyabr tarixlərində sorğu keçirilib.

Sorğuda iştirak edən 687 respondentin 54%-ni qadınlar, 46%-ni kişilər təşkil edib.

İlk sualda respondentlərdən yayı necə keçirdikləri soruşulub. Onlardan 46%-i yayı yaxşı keçirdiyini, 37%-i ötən illə müqayisədə fərqli keçirmədiyini bildirib. Ötən il yayı daha yaxşı keçirdiyini deyənlər isə respondentlərin 17%-ni təşkil edib.

“Yay ərzində aşağıda sadalanlardan hansı ilə üzləşdiniz?” sualına respondentlərin cavabı aşağıdakı kimi olub:

Ailə həyatı qurdum – 6%;

Toy/ad günü və digər tədbirlərdə iştirak etdim – 44%;

Övladım/nəvəm dünyaya gəldi – 1%;

Koronavirusa yoluxdum – 9%;

Digər xəstəliklərlə mübarizə apardım – 10%;

Heç biri ilə üzləşmədim – 40%.

Sorğuda iştirak edənlərin 32%-i yayı bağda və ya regionlarda, 5%-i xarici ölkədə, 44%-i evdə keçirdiyini bildirsə də, 18%-i ümumiyyətlə istirahət etmədiyini qeyd edib.

Sorğu iştirakçılarının 21%-i yay planları ilə bağlı verilən sualı cavablandırarkən bütün planlarını həyata keçirdiyini, 13%-i xarici ölkəyə gedə bilmədiyini, 21%-i işlərinin çoxluğu səbəbilə istirahət etmədiyini, 11%-i təhsillə bağlı planlarını, 35%-i isə ümumiyyətlə heç bir planını həyata keçirə bilmədiyini vurğulayıb.