NOVRUZ BAYRAMINI HARADA QEYD EDƏCƏYİK?

MTM (Media Təhlil Mərkəzi) Novruz bayramı ilə bağlı vətəndaşların fikirlərini öyrənmək məqsədilə sorğu keçirib. Sorğuda iştirak edən 811 respondentin 56%-ni qadınlar, 44%-ni kişilər təşkil edib.

Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 83%-i Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərini evdə keçirməyi planlaşdırır. Cavab verənlərin 10%-i bölgələrə səfər edəcəyini, 2%-i bayram tətilini ölkə xaricində keçirəcəyini qeyd edib. Sorğu iştirakçılarının 5%-i qeyri-iş günləri ilə bağlı fərqli planlar qurub.

“Novruz bayramının hansı adət-ənənələrini (ailənizlə) yerinə yetirəcəksiniz?” sualına cavablandırarkən bir neçə variant seçmək imkanına malik olan respondentlərin fikirləri aşağıdakı kimi olub.

Süfrə bəzəmək – 65%;

Bayram şirniyyatları bişirmək – 52%;

Tonqaldan tullanmaq – 46%;

Papaq atmaq – 21%;

Qonaq getmək, qəbul etmək – 23%;

Digər – 6%.

Respondentlər sorğu vasitəsilə Novruz bayramında hansı tədbirlərin təşkil olunması ilə bağlı təkliflərini də bildiriblər. Belə ki, cavab verənlərin 37%-i bayramla əlaqədar xeyriyyə yarmarkalarının təşkil edilməsini, 23%-i azad olunmuş ərazilərdə bayram tonqallarının yandırılmasını, 15%-i uşaqlar üçün bayram şənliklərinin, 13%-i isə parklarda konsert proqramlarının keçirilməsini məqbul sayıb. Sorğu iştirakçılarının 12%-nin bayram istəkləri fərqli olub.