MARKETLƏRDƏ SATILAN MƏHSULLARIN KEYFİYYƏTİNDƏN RAZIYIQ? – SORĞU

MTM (Media Təhlil Mərkəzi) vətəndaşlar arasında marketlər və orada satılan məhsullarla bağlı sorğu keçirib. Sorğuda iştirak edən 1140 respondentin 49%-ni qadınlar, 51%-ni kişilər təşkil edib.

İlk sualla sorğu iştirakçılarının qida alış-verişini hansı şəbəkələrdən etdiyini müəyyənləşdirmək mümkün olub. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin 82%-i supermarketlərdən, 28%-i hipermarketlərdən, 25%-i bazardan, 8%-i ekspress marketlərdən alış-veriş etməyə üstünlük verdiyini deyib. Başqa mağazalara üz tutanlar isə cavab verənlərin 9%-ni təşkil edib.

Sorğu iştirakçıları növbəti sualı cavablandırmaqla daha çox alış-veriş etdikləri marketlərin adlarını açıqlayıblar. Bir neçə variant seçmək imkanına malik olan respondentlərin fikirləri aşağıdakı kimi olub:

Bravo Supermarket – 44%;

Araz Supermarket – 43%;

Bazarstore – 40%;

OBA Market – 30%;

Digər – 25%;

AL Market – 20%;

Rahat Supermarket – 10%;

Bizim Market – 9%;

Bolmart – 8%;

Grandmart – 6%;

Neptun Supermarket – 5%;

Fresco Supermarket – 1%.

Respondentlər müxtəlif variantlar seçməklə alış-veriş etdikləri marketlərin üstünlüklərini bildiriblər. Davamlı olaraq alış-veriş etdiyi marketi bol çeşidli olduğu üçün seçdiyini deyənlər iştirakçıların 65%-ni təşkil edib. Cavab verənlərin 51%-i market seçimində qiymətlərin münasibliyinə, 42%-i endirim və ya bonus kartlarının keçərli olmasına, 36%-i məhsulların təzə olmasına üstünlük verir. Respondentlərin 33%-i seçim edərkən plastik kartla ödəniş etmək imkanlarının mövcudluğunu, 24%-i marketin 24 saat çalışmasını önəmli hesab edir. Sorğunun nəticələri göstərir ki, iştirakçıların 20%-i üçün market personalının nəzakətli olması daha vacibdir. Cavab verənlərin 10%-i növbə olmayan mağazaların daimi müştərisidir. “Digər” variantını seçənlər isə iştirakçıların 12%-ni təşkil edib.

Respondentlərin 54%-i marketlərdə satılan məhsulların keyfiyyətini qənaətbəxş hesab edir. Sorğu iştirakçılarının 42%-i tam razılığını, 4%-i isə narazılığını bildirib.