İPOTEKA KREDİTLƏRİ

Media Təhlil Mərkəzi tərəfindən ipoteka kreditləri ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədilə 12-16 mart tarixlərində növbəti sorğu keçirilib. Sorğuda iştirak edən 745 respondentin 38%-ni qadınlar, 62%-ni kişilər təşkil edib.

Sorğu nəticələrindən məlum olub ki, respondentlərin 58,2%-i ailəsinə məxsus evdə, 19,1%-i kirayədə, 11,5%-i isə öz evində yaşayır. Dövlət ipotekası ilə aldığı mənzildə yaşayanlar sorğu iştirakçılarının 4,3%-ni, daxili kreditlə aldığı evdə yaşayanlar 0,5%-ni, bankın vasitəçiliyi ilə aldığı evdə yaşayanlar isə 0,5%-ni təşkil edir. Cavab verənlərin 0,3%-i sosial ipoteka ilə mənzil sahibi olanlar, 5,4% -i isə digər cavabını seçənlərdir.

“Ev almaq istəsəniz hansı üsula etibar edərdiniz?” sualına cavab verənlərin 75,8%-i dövlət ipotekasına, 13,7%-i tikinti şirkətlərinin daxili kreditinə, 10,5%-i isə bankların daxili kreditinə etibar etdiklərini qeyd ediblər.

Respondentlərin 88,5%-i tikintisi başlamamış binadan mənzil almağı məqsədəuyğun hesab etməsə də, 11,5%-i isə bu cür üsulla mənzil sahibi olmağı normal qəbul edib.

“Ev almaq üçün dövlət xətti ilə ipoteka kreditinə müraciət edərdiniz?” sualına gəlincə, respondentlərin 83,2%-i bunun mümkünlüyünü vurğulayıb. Sorğu iştirakçılarının 5,8%-i hazırda ipoteka krediti ödədiyini, 11%-i isə bu xidmətə heç vaxt müraciət etməyəcəyini bildirib.