МТМ (Media Təhlil Mərkəzi) tərəfindən 21-27 may tarixlərində hərraclarla bağlı sorğu keçirilib. Sorğuda iştirak edən 515 respondentin 46%-ni qadınlar, 54%-ni kişilər təşkil edib.
İlk suala əsasən məlum olub ki, respondentlərin 91,4%-i heç vaxt hərracda iştirak etməyib. Cavab verənlərin 4,9%-i hərrac iştirakçısı olsa da qalib olmayıb. Auksionda iştirak edərək qalib olduğunu qeyd edənlər respondentlərin 3,7%-ni təşkil edib.
Sorğuda iştirak edənlərin 42,3%-i bildirib ki, qiymətlərin münasib olması şərtilə Azərbaycanda hərracların keçirilməsi maraqlı ola bilər. Hərracların təşkilini müsbət qarşılayanlar iştirakçıların 14,6%-ni təşkil etsə də, 18,6%-i hərraclar barədə məlumatsız olduğunu, 24,5%-i isə auksionlara maraq göstərmədiyini vurğulayıb.
Respondentlər hərraclarla bağlı istəklərini də açıqlayıblar. Maksimum 3 variantı seçmək imkanına malik olan sorğu iştirakçılarının “Hansı növ hərracların keçirilməsini istərdiniz?” sualına cavabı aşağıdakı kimi olub:
Antik əşyalar – 33,8%;
Müasir avtomobillər – 33,2%;
Daşınmaz əmlak – 30,9%;
Hərraclara marağım yoxdur – 29,3%;
Retro avtomobillər – 28,2%;
Torpaq sahəsi – 27,2%;
Rəsm əsərləri – 25%;
Qiymətli kağızlar – 13%;
Məşhur şəxslərin geyim və əşyaları – 11,3%.
Respondentlərin 33%-i hərracların bütün formatlarda, 29,9%-i ənənəvi qaydada, 10,7%-i isə elektron qaydada keçirilməsini məqbul sayıb. Özəl – şəxsi mal və mülkün satılması üçün hərracların keçirilməsinə maraq göstərənlər sorğu iştirakçılarının 1,6%-ini təşkil edib. Cavab verənlərin 24,9%-i heç bir hərrac növünə maraq göstərmədiyini qeyd edib.
Sorğu iştirakçılarına ünvanlanan son sual onların hərraclara vəsait ayırmaqda nə dərəcədə maraqlı olduqlarını müəyyənləşdirib. 100-500 AZN aralığını seçənlər respondentlərin 32,6%-ni təşkil edib. Cavab verənlərin 13,6%-i “500-1000 AZN”,
7,5%-i “1000-5000 AZN”, 8,3%-i isə “5000 AZN-dən çox” variantını seçib. “Hərraclarda iştirak etmərəm” deyənlər cavab verənlərin 38%-ni təşkil edib.
Sorğuda iştirak edən kişilərin 25, qadınların isə 53 faizi hərraclara vəsait ayırmaqda maraqlı olmadığını açıqlayıb.