Ölkə üzrə əhalinin vaksinasiyası ilə bağlı açıqlanan son məlumata görə, hazırda əhalinin cəmi 34 faizi vaksinasiya olunub. Vətəndaşların vaksinasiya ilə bağlı fikirlərini öyrənmək məqsədilə MTM (Media Təhlil Mərkəzi) tərəfindən 16-20 avqust tarixlərində sorğu keçirilib. Sorğuda iştirak edən 501 respondentin 48%-ni qadınlar, 52%-ni kişilər təşkil edib.
Bir neçə variant seçmək imkanına malik olan respondentlərin 24,6%-i koronavirusa yoluxduğunu bildirib. Cavab verənlərin 10,2%-i ailə üzvlərinin yoluxduğunu, 61,1%-i qohum, dost və qonşuları arasında koronavirusa yoluxma faktının qeydə alındığını söyləsə də, 19,2%-i tanıdığı insanların virusa yoluxmadığını qeyd edib.
Sorğu iştirakçılarına vaksinasiya ilə bağlı verilən sual əsasında məlum olub ki, respondentlərin 33,7%-nin ailə üzvləri peyvənd olunub. Dost və tanışlarının vaksinasiya prosesinə cəlb edildiyini deyənlər cavab verənlərin 15,8%-ni, özünün peyvənd olunduğunu söyləylənlər respondentlərin 46,7%-ni təşkil edib. Fikrini bildirənlərin 3,8%-i isə ətrafındakı heç kəsin peyvənd olunmadığını deyib.
Növbəti sual vasitəsilə iştirakçıların koronavirusa qarşı edilən vaksinasiyanın əks təsirləri barədə fikirlərini müəyyənləşdirmək mümkün olub. Cavab verənlərin 38,5%-i əks təsirlərlə qarşılaşdığını, 56,7%-i belə bir halla rastlaşmadığını, 4,8%-i isə nə özünün, nə də tanıdığı insanların vaksinasiya olunmadığını bildirib.
“COVID-19” əleyhinə hansı vaksini vurdurmusunuz?” sualına verilən cavablar isə aşağıdakı kimi olub:
SinoVac – 60,5%;
Pfizer – 6,2%;
Sputnik V – 3%;
Vaxzevria (AstraZeneca) – 1,4%;
Vaksin vurdurmamışam – 28,9%.